Elektron hökumət

Elektron imza – Elektron pul kisəsi

Fins.az saytının verdiyi məlumata görə “Elektron imza”lar plastik karta çevrilirmiş. Çox gözəl. Belə yeniliklərin olması gözəldir. Ancaq Elektron İmza kartlarının pul kisəsinə çevrilməsi vacibdirmi? Məncə yox. Əvvəlca Fins.az saytında çıxan yazını oxuyaq:

 

“Azərbaycanın plastik kart bazarında banklara ciddi rəqib peyda olub. Söhbət yaxın vaxtlarda tətbiq olunacaq “Elektron pul kisəsi”nin tətbiqindən gedir. Fins.az-ın məlumatına görə, layihə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) və “GoldenPay” şirkəti ilə birlikdə reallaşdırılır və ilin sonuna qədər işə düşəcək. “Elektron pul kisəsi”nin tətbiqi adi bank kartlarına ehtiyacı azalda bilər.

“Elektron imza”lar plastik karta çevrildi

Layihənin ən maraqlı cəhəti odur ki, onun üçün yeni plastik kart buraxılmayacaq, sadəcə, indiyədək və bundan sonra buraxılan “elektron imza”lar həm də plastik kart kimi istifadə olunacaq.
MHM-nin direktor müavini Nazim Mədətovun sözlərinə görə, bütün növ elektron imza kartının sahibləri MHM-a yaxınlaşaraq pulsuz hesab açdıra və öz hesablarına pul yatıra biləcəklər. Həmin puldan internetdə ödəniş etmək üçün istifadə oluna bilər. Nəticədə elektron kartlardan təkcə öz təyinatı üzrə yox, həm də plastik kart kimi istifadə ediləcək.

Qeyd edək ki, elektron imza kartı (yəni sonradan plastik kart kimi istifadə olunacsaq kart) 3 illik müddətə verilir, qiyməti 18 manatdır. Kart oxuyucusu almaq üçün isə əlavə 13 manat ödəmək lazımdır.

“Elektron pul kisəsi” necə işləyəcək?

Amma adi plastik kartlardan fərqli olaraq “Elektron pul kisəsi” ilə ödəniş edərkən 16 rəqəmli nömrə, kartın istifadə müddəti və CVV kodu tələb olunmayacaq. Bunun üçün sadəcə elektron imza kartını kart oxuyucusu vasitəsilə kompüterə qoşmaq lazımdır. Lazımi məbləğ avtomatik olaraq hesabdan çıxılacaq və kart sahibinin mobil telefon nömrəsinə hesabda qalan məbləğ barədə SMS göndəriləcək.
Elektron imza kartından “Elektron pul kisəsi” kimi faydalananlar buna görə heç bir xidmət haqqı ödəməyəcəklər. Pulu hesaba qoymaq üçün istifadəçilər MHM-a gəlməklə yanaşı, əmək haqqının bir qismini mühasibatlıq vasitəsilə “Elektron pul kisəsi”nə yönəldə də bilərlər.

Layihənin tərəfdaşı olan “Goldenpay” şirkəti hazırda vətəndaşlara kommunal xidmətlərin, sabit və mobil telefonların, kabel televiziyalarının, internet provayderlərinin haqqını ödəmək imkanı yaradır.

Banklar üçün ciddi rəqib

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tətbiq etdiyi yeni layihə ölkənin plastik kart bazarında ciddi yeniliyə səbəb olacaq. Çünki bu yenilik nəticəsində bank kartlarına ciddi alternativ yaranacaq. Doğrudur, hazırda elektron imzaların sayı bank kartları ilə müqayisəyə gəlmir. Belə ki, bankların indiyədək buraxdığı plastik kartların sayı bir neçə milyondur, indiyədək buraxılan “elektron imza”ların sayı isə təxminən 20 mindir.

Bununla yanaşı, “elektron imza”nın təyinatı və funksiyaları həddən artıq genişdir. Üstəlik, ölkədə elektron xidmətlərin sayı artdıqca elektron imzaya tələbat da artır və nəticədə gələcəkdə ölkə əhalisinin böyük hissəsinin elektron imza alacağı şübhə doğurmur. Belə bir vəziyyət paralel olaraq həm də plastik kartla təmin edilmiş ölkə vətəndaşlarının bankların adi plastik kartlara ehtiyacı kəskin azalacaq.”

Fikrimcə ehtiyac yoxdur. Niyə? Bütün banklarda visa/visa electron/mastercard kimi birçox kartlar var və illik qiymətləri münasibdir və istifadəsi üçün heçbir cihaza ehiyac yoxdur.

Nümunə kimi Unibank`ın kartlarını götürək. Visa Classic kart pulsuzdur. Heçbir ödəməyə ehtiyac yoxdur. Sadəcə 50 AZN depozit ödəməlisiniz. Əgər depozit ödəmək istəmirsinizsə 3 illik kart üçün 20 AZN ödəyirsiniz. Ancaq elektron imza üçün 3 illik 18 AZN +13 AZN cihaz üçün ödəməlisiniz. Bundan əlavə olaraq isə cihazı istifadə etməyi öyrənməlisiniz. Razıyam ki bu çox çətin proses deyil ancaq bu xidməti sadəcə gənc nəsil istifadə etməyəcək axı.

Bir digər problem mənə görə elektron pul kisəsinə pul daxil etməkdir. Pulu hesaba daxil etmək üçün MHM-ə getmək məncə problemdir. Əmək haqqının bir qismini karta yönləndirməklə məsələ həll edilmir. Maaş verilmə tarixini gözləmədən işimi həll edə bilməliyəm. Məsələn yenə Unibank`ı misal verək. Unibankın ödəmə terminalları ilə istədiyiniz vaxt kartınıza sıra gözləmədən pul daxil edə bilərsiniz və pulsuz internet banking açdıraraq hesabınızı idarə edə bilərsiniz.

Təbii ki bunlar mənim fikrimdir :) Bəlkə də qeyd edilməyən daha gözəl xidmətlər var elektron pul kisəsində onu da səbr edib görəcəyik yəqin ki :)

Müəllif haqqında: Anar SAMADOV

Bilgi paylaşdıqca çoxalır deyərək paylaşmağa çalışıram bildiklərimi, öyrəndiklərimi və xoşuma gələnləri :)

1 şərh

Şərh yaz