Ümumi

Hamı öz işiylə məşğul olsun

Deməli bir məsələ biraz canımı sıxır. İstədim bu barədə bəzi fikirlərimi qeyd edim. Yazacaqlarım əslində ikt aləmində çalışanlara aid olacaq, developer, dizayner və s. vəzifələrində çalışanlara.  Daha doğrusu birbaşa onlardan məsul olan şəxslərə.

İKT sahəsi elə geniş və günümüzdəki insanların marağını cəlb edən sahədir ki, qocasından uşağına qədər çox adamın həvəsi var. Əlbətdə maraqlı sahədir. Elə ona görə də ixtisası tamamilə fərqli olan insanlar belə ucundan qulağından bu sahə ilə maraqlanmağa başlayır. Burda bir problem görmürəm. Maraqlanmalıdırlar əlbətdə.

Yəqin mənlə razılaşarsınız ki, günümüzdə artıq demək olar hər bir müəssisənin internet səhifəsi və bu səhifənin dizaynı, proqramlaşdırılması, sosyal şəbəkələrdə tanıdılması üçün xüsusi olaraq işə götürdüyü insanlar var. Hansı ki, işə götürərkən onlarda müvafiq qabiliyyətlərin olmasını arzu edirlər. Eləcə də vakansiyalarda həmin qabiliyyətləri qeyd edirlər və nəticədə həmin qabiliyyətlərin heç olmasa 80-90 faizinə malik olduğuna inandıqları insanları işə qəbul edirlər. Çox gözəl! Bura qədər heç bir problem yoxdur.

Həmin insan hansı ki, dizaynerdir vəya proqramistdir vəya sosial marketinq mütəxəssisidir, bilir nə iş görməlidir və necə görməlidir. Çünki bu qabiliyyətlərinin olduğuna görə işə qəbul edilib!

Ancaq bu insan işə başlayır, deyək ki, dizaynerdir və internet səhifəsinin dizaynını hazırlayır. Təəssüf ki, bu məqamda müəssisə rəhbəri vəya həmin işçidən məsul olan şəxslər hazırlanan işə o qədər müdaxilə etməyə çalışırlar ki, sanki bu iş üzrə mütəxəssisdirlər. Əslində işə götürərkən “kreativ işlər istəyirik“, “bu bizim sahəmiz deyil“, “siz daha yaxşı bilərsiniz” kimi sözlər sərf ediblər ancaq çox bilmişliklərindən də qala bilmirlər. İşin gedişində “məncə buranı bu rəng edək”, “məncə belə edək”, “məncə bu olmasın”, məncə məncə məncə… istədiyiniz qədər bu “məncə” ləri uzatmaq olar.

Bu barədə əslində Barış Özcanın gözəl bir videosu var. Elə onun dediklərini də nəzərə alaraq bəzi məqamları deyəcəm. Sonda isə həmin videonu izləməyiniz üçün paylaşacam.

Deməli hörmətli rəhbərlər (məsul şəxslər) əgər kreativ iş gözlənilirsə və siz bu iş üçün işçi götürmüsünüzsə icazə verin rahat işlərini görsünlər də. Nəyə görə axı ixtisasınız olmadığı halda, bir iki internet səhifəsində, hardasa rastlaşıb qatıldığınız seminarda, kimdənsə eşitdiyiniz nələrəsə görə bu işdən anlayan, bu işin mütəxəssisi kimi hiss edirsiniz özünüzü?

Axı bu iş zənn etdiyiniz qədər sadə məsələ deyil. Məsələn internet səhifəsinin dizaynında istifadə olunan fontundan tutun, səhifədəki boşluqlara qədər hərşeyin öz qaydası qanunu var axı.

Dizayner olmaq, developer olmaq və s. bu qədər asan işdirsə, hamının iki seminar, üç video izləyərək görəbiləcəyi bir işdirsə onda niyə işçi götürüb əlavə xərc çəkirsiniz? Sizə belə davrandıqda işçiniz necə kreativ ola bilər axı? Necə rahat iş görə bilər? Necə özünə güvənə bilər?

Bilərək vəya bilməyərək işçinizə əngəl olduğunuzu unutmayın! Məncə hamı öz işiylə məşğul olsun!

Vəya yenə Barış Özcanın dediyi kimi “Mən əslində bu işləri yaxşı bilirəm. Başım çıxır. Sadəcə vaxtım yoxdur deyə, bu sahədə mənə kömək olsun deyə işçi götürmüşəm” kimi cümlələr sərf edib özünüzü gülünc vəziyyətə salmayın.

Son olaraq çox istərdim aşağıdaki videonu sona qədər izləyəsiniz:

PS: Bunlar mənim şəxsi fikrimdir. Kiminə görə düz, kiminə görə səhv ola bilər. Sadəcə bu mövzuda düşüncələrimi paylaşmaq istədim.

Müəllif haqqında: Anar SAMADOV

Bilgi paylaşdıqca çoxalır deyərək paylaşmağa çalışıram bildiklərimi, öyrəndiklərimi və xoşuma gələnləri :)

Şərh yaz